Şriftin ölçüsü :

Saytın rəngi :

İqtisadiyyat

Rayonumuzda görülən işlərin gedişi və iqtisadi rəqəmlərin təhlili göstərir ki, respublikamızda gedən davamlı inkişaf prosesi 2021-ci ilin yekunlarına görə rayonumuzda da müşahidə olunmuşdur.
Hesabat dövründə  rayon iqtisadiyyatının əsas sahələrində 131 milyon 380 min  manatlıq məhsul istehsal edilmişdir.
İstehsal olunmuş məhsul və xidmətlərin 80 milyon 215 min 800 manatı (61,1 faiz) kənd təsərrüfatının, 27 milyon 140 min 500 manatı ( 20,7 faiz) ticarətin, 14 milyon 904 min  manatı (11,3 faiz) sənayenin, 7 milyon 674 min 800 manatı tikinti-quraşdırma işlərinin (5,8 faiz),  803 min 300 manatı (0,6 faiz) nəqliyyatın, 641 min 600 manatı (0,5 faiz) poçt və rabitə xidmətlərinin payına düşmüşdür.
İl  ərzində rayonda  fəaliyyət göstərən ticarət şəbəkələri tərəfindən 79 milyon  825 min  manatlıq  istehlak malları satılmışdır.
Əhaliyə göstərilən  pullu xidmətlərin həcmi 12 milyon  425 min  manat olmuşdur ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 559 min manat (4,7 faiz) çoxdur.
Hesabat dövründə rayon iqtisadiyyatının aparıcı sahəsi olan kənd təsərrüfatının inkişafı istiqamətində tədbirlər davam etdirilmişdir.
2021-ci ilin məhsulu üçün 13007 hektarda buğda, 5494 hektarda arpa olmaqla cəmi  18501 hektar  sahədə taxıl əkilmişdir.
Rayon üzrə 18501 hektar taxıl sahələri biçilərək həmin sahələrdən 62 min 639 ton məhsul tədarük edilmişdir ki,  bu da  keçən illə  müqayisədə 201 ton çoxdur. Hər hektardan məhsuldarlıq ötən ilin müvafiq  dövrünə nisbətən 0,5 sentner artaraq 33,8 sentner olmuşdur.
2022-ci  ilin məhsulu üçün rayon ərazisində  18861 hektar sahədə  taxıl səpini aparılmışdır. Taxıl səpini aparılmış sahənin   5432 hektarı arpa, 13016 hektarı buğda və 413 hektarı xəsildir. Taxılçılıq üzrə 2 toxumçuluq təsərrüfatı fəaliyyət göstərmiş, onlar tərəfindən 230 hektar sahədə əkin aparılmış, 342 ton toxumluq  arpa və 532 ton toxumluq buğda istehsal olunmuşdur.
Rayon ərazisində yeni “Məmmədqasımlı” özəl toxumçuluq təsərrüfatı  yaradılmışdır.
Hesabat ilində rayonda  3070 hektar pambıq sahəsindən 7353,5 ton xam   pambıq  tədarük olunmuşdur. Hər hektardan məhsuldarlıq orta hesabla 24 sentner olmuşdur. 2020-ci ilin müvafiq  dövrünə nisbətən pambıq tədarükü 333 ton, orta məhsuldarlıq 6,5 sentner azdır.
Respublikamızda kənd təsərrüfatının ənənəvi sahələrindən olan pambıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi tədbirləri çərçivəsində 2021-ci ildə pambıq təhvil vermiş 537 istehsalçıya  dövlət büdcəsinin vəsaiti hesabına  698 min 489 manat subsidiya verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2017-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üzrə Dövlət Proqramı”nın icrası istiqamətində rayonda konkret tədbirlər həyata keçirilmişdir. 2021-ci ildə Qax Rayon Damazlıq İpəkçilik Stansiyasından 31502 qr barama qurdu qəbul edilərək normal bəsləmə aparılmışdır. 710 kümçü tərəfindən keçən ilə nisbətən 6,3 ton çox olmaqla 67 ton 950 kq barama tədarük edilərək respublikada ən yüksək göstəriciyə nail olunmuşdur. 3 min nəfərdən çox rayon sakini bu sahədə mövsümi işlə təmin olunmuşdur.
Rayon üzrə təhvil verilmiş yaş baramanın miqdarına görə 686 kümçüyə emal müəssisəsi tərəfindən 253 min 379 manat, dövlət büdcəsinin vəsaiti hesabına 316 min 723 manat subsidiya, cəmi 570 min 102 manat vəsait verilmişdir.
Cari ildə əkilmiş tut tinglərinin suvarılması və qorunması istiqamətində zəruri tədbirlər həyata keçirilmişdir.
Tut tingliyi təsərrüfatlarının yaradılmasına və tut bağlarının salınmasına dəstək çərçivəsində 2021-ci ilin payızında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən əvəzsiz olaraq verilmiş 40 min ədəd yerli  sort  tut  tinginin əkilməsi  təmin olunmuş, 18,85 hektar yeni tut tingliyi salınmışdır.
Hesabat dövründə 650 hektar qarğıdalı sahəsindən  4448,6 ton, 257 hektar çəltik sahəsindən 1256,1 ton, 1,2 hektar günəbaxan sahəsindən 3,4 ton, 209,8 hektar kartof sahəsindən 4061 ton, 204,8 hektar müxtəlif növ tərəvəz sahəsindən 3423,4 ton, 209,6 hektar bostan sahəsindən 7123,6 ton, 1,0 hektar Abşeron zəfəranı sahəsindən 1,0 kq məhsul istehsal edilmişdir. Ötən  ilin müvafiq dövrü ilə müqayisədə 1062,1 ton qarğıdalı, 81 ton kartof, 40,6 ton tərəvəz, 108,6 ton bostan məhsulu, 146 ton çəltik artıq istehsal edilmişdir.
Rayon ərazisində   01 yanvar 2022-ci il tarixə iribuynuzlu mal-qaranın sayı 54 min 860 başa, qoyun-keçilərin  sayı 114 min 818 başa çatmışdır. Keçən ilin müvafiq  dövrü ilə müqayisədə  iribuynuzlu mal-qaranın sayı 40 baş, qoyun və keçilərin sayı isə  5 baş  artmışdır.
Mal-qaranın qaba yemə olan tələbatının ödənilməsi məqsədilə 17395 hektar yonca sahəsindən 114 min 666 ton qaba yem tədarük olunmuşdur.
Hesabat  dövründə rayon ərazisində  4377,9 ton ət, 31963,2 ton süd, 8 milyon 79 min ədəd yumurta, 209,04 ton yun istehsal edilmişdir. Ötən hesabat dövri ilə müqayisədə  ət istehsalı 0,8 ton, süd istehsalı 3,5 ton və yumurta istehsalı  1000 ədəd, yun istehsalı 0,2 ton artmışdır.
Mal-qaranın cins tərkibini yaxşılaşdırmaq məqsədilə 2021-ci il ərzində 4220 baş   inək və düyələrdə aparılmış süni mayalanma nəticəsində 2782 baş sağlam bala alınmış, bu 2020-ci ildəki göstəricidən 206 baş çoxdur.
Heyvandarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi tədbirləri çərçivəsində 2021-ci ildə 2767 baş buzova görə fermerlərə dövlət büdcəsinin vəsaiti hesabına  276 min 700 manat subsidiya verilmişdir.
Arıçılığın inkişaf etdirilməsi istiqamətində rayonda xeyli iş görülmüşdür.  Hazırda rayon  ərazisində  240 arı təsərrüfatında  arı ailəsinin sayı 3487-ə çatdırılmış, dövlət büdcəsinin vəsaiti hesabına 195 təsərrüfatda saxlanılan  3591 arı ailəsinə görə 35 min 910 manat subsidiya verilmişdir.
Rayon ərazisində mövcud mal qara və quşları yoluxucu xəstəliklərdən qorumaq məqsədilə Rayon Baytarlıq idarəsi tərəfindən profilaktik tədbirlər aparılmaqla epizootik vəziyyətin nəzarətdə saxlanılmasına çalışılmışdır.
Hesabat dövrü ərzində  Aqrar Kredit İnkişaf Agentliyi tərəfindən 7667 nəfər fermerə kənd təsərrüfatı  məhsullarının istehsalına  görə 4 milyon 492 min 919 manat əkin subsidiyasının verilməsi  təmin olunmuşdur.
Zərdab  Dövlət Aqrar İnkişaf  Mərkəzində hesabat dövrü ərzində Elektron Kənd Təsərrüfatı  İnformasiya  Sistemində   8760 fermer  qeydiyyatdan  keçmişdir. Fermerlər  tərəfindən  11039,23 hektar yazlıq, 12900 hektar payızlıq olmaqla ümumilikdə 24095 hektar  sahə  üzrə əkin bəyan edilmişdir.
2021-ci il ərzində rayonda əkin sahələrinin suvarılmasını  yaxşılaşdırmaq və məhsul istehsalçılarının suvarma suyuna olan tələbatını ödəmək məqsədilə 14 ədəd nasos, 2 ədəd elektrik mühərriki, 1 ədəd dizel mühərriki,  0,4 km dəmir-beton nov və beton kanallar təmir edilmiş, 7 km-dən çox kanal qazılmış, 377 km uzunluğunda suvarma kanalı  lildən təmizlənmişdir. 40 min 564 hektar sahə suvarma suyu ilə təmin edilmişdir.
Əkin  sahələrini normaya uyğun suvarma suyu ilə təmin edilməsi məqsədilə   Alıcanlı-2, Savxoz-1 nasos stansiyaları əsaslı təmir olunmuşdur.
Su aparma qabiliyyəti 6,5 kub metr saniyə olan 8,5 km uzunluqda Təzəkənd-Məlikumudlu torpaq məcralı suvarma kanalının  beton növ kanalı ilə əvəz olunması işlərinə başlanmış, hesabat dövründə kanalın 0,55 km hissəsi təmir edilmişdir.
Məlikli və Burunlu kəndlərinin əkin sahələrinin suvarılmasında olan çətinlikləri aradan qaldırmaq üçün Kür çayının Burunlu kəndi ərazisindən keçən hissəsində yeni nasos stansiyanın qurulması başa çatdırılmışdır.  163 km təsərrüfatdaxili, 17,5 km şirəkeş kanalı qazılmışdır.
Rayonda “Aqrobaz” MMC tərəfindən 1000 ha yonca (köhnə), 365,0 hektar pambıq, 500 hektar  qarğıdalı əkilmişdir. Payızlıq əkinlərə hazırlıq məqsədilə “Aqrobaz” MMC tərəfindən   500 hektara qədər şum aparılmışdır. 2022-ci ilin məhsulu üçün 712 hektar sahədə arpa, 100 hektar  sahədə buğda əkini aparılmışdır.
“Aqroservis” ASC-nin Ağcabədi Regional Nümayəndəliyinin Zərdab Rayon bölməsi tərəfindən rüb ərzində torpaq mülkiyyətçilərinə güzəştli şərtlərlə 20,5 ton Nitroammofos, 217,5 ton Ammonium-nitrat, 124 ton Ammofos və digər mineral gübrələr satılmışdır. 
Hesabat dövründə Kür-Araz çaylarında Bəndlərin İstismarı İdarəsi tərəfindən rayonun Bıçaqçı, Yuxarı Seyidlər, Məlikli, Alıcanlı və Körpükənd   kəndləri ərazisində maşın və mexanizmlərin köməyi ilə 16,58 km məsafədə, 410,9 min kub metr həcmində qayakəsmə,  6,58 km məsafədə 69,6 min kub metr bəndin təmiri  işləri  görülmüşdür.Mil Qarabağ və Aşağı Şirvan Kollektorlarının istismarı idarəsi tərəfindən 2021-ci il ərzində rayon ərazisində 89,5 km uzunluğunda kollektor-dren şəbəkəsi lildən təmizlənmiş, 1 ədəd sukeçirici əsaslı təmir edilmişdir.
Heyvandarlığın inkişafına göstərilən dövlət dəstəyi nəticəsində iri və xırda buynuzlu mal-qaranın baş sayının artaraq 170 minə çatması Dövlət və Bələdiyyə mülkiyyətində olan örüş-otlaq sahələrinə olan tələbatı artırmışdır.
Örüş sahələrindən düzgün  istifadənin təmin edilməsi məqsədi ilə hesabat  dövrü ərzində aidiyyəti qurumların iştirakı ilə Dövlət torpaq fondunun rayonun inzibati ərazisinə daxil olan hissələrində vaxtaşırı olaraq monitorinqlər təşkil olunmuş, qanun pozuntusuna yol vermiş 57 nəfər icarədara bildiriş məktubları göndərilmişdir.
Rayon üzrə ümumi istifadə üçün nəzərdə tutulmuş, lakin əvvəlki rəhbərliklərin fəaliyyəti dövründə zəbt olunmuş və qanunsuz olaraq vətəndaşların icarəsinə verilmiş örüş sahələrinin boşaldılması istiqamətində Rayon İcra Hakimiyyəti başçısının yaratdığı komissiyanın fəaliyyəti davam etdirilmiş, 2021-ci ildə Bəyimli (60 hektar) və Dəkkəoba (120 hektar) bələdiyyələri üzrə 180 hektar, ümumilikdə 8 bələdiyyə üzrə 673,2 hektar örüş sahəsi boşaldılaraq sakinlərin ümumi istifadəsinə qaytarılmışdır.
Azərbaycan Respublikası Baş nazirinin kənd təsərrüfatı təyinatlı torpaqlarda balıqçılıq məqsədi ilə yaradılmış süni göllərin ləğv edilməsi, korlanmış torpaqların bərpa edilməsi və digər təxirəsalınmaz tədbirlərin görülməsi barədə rayon (şəhər) icra hakimiyyətlərinə verilmiş tapşırığa uyğun olaraq aparılmış monitorinqlər nəticəsində Rayon İcra Hakimiyyəti tərəfindən qanunsuz balıqçılıq fəaliyyəti ilə məşğul olan 27 nəfər sahibkar müəyyən edilərək onlara iki dəfə xəbərdarlıq məktubu göndərilmiş, barələrində qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlərin görülməsi üçün müvafiq  qurumlara məktubla müraciət olunmuşdur.
İqtisadiyyatın inkişaf etdirilməsində və istehsalın stimullaşdırılmasında dövlət büdcəsinin  xüsusi rolu vardır. 2021-ci il ərzində rayon büdcəsinin mədaxil hissəsi 6 milyon 466 min  manata qarşı 5 milyon 979 min  manat və ya 92,0 faiz, o cümlədən mərkəzləşdirilmiş xərclərdən ayrılmış vəsait  3 milyon 180 min  manata qarşı   ¬1 milyon 748  min   manat və ya 54,0 faiz, yerli gəlirlər 3 milyon 286 min  manata qarşı 4 milyon 231 min   manat və ya 128,0  faiz icra olunmuşdur.
Rayon büdcəsinin məxaric hissəsi 6 milyon 466 min manata qarşı  5 milyon 979  min   manat və ya 92,0 faiz icra olunmuşdur.
Xidmət sahələrinin, o cümlədən elektrik və qaz təsərrüfatının inkişaf etdirilməsi, əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilmişdir.
Şəhərin 20 yanvar və S.Abdullayev küçələrində  700 metr məsafədə 0,4 kV-luq açıq naqilli hava xətləri yeni metal dayaqlar əkilərək SİP kabel xətti ilə dəyişdirilmişdir.
0,4 kV-luq hava xətlərinin 1,86 km hissəsi (Gəlmə kəndi ərazisində 0,24 km, Çallı kəndi ərazisində 0,04 km, 32 hektar adlanan ərazidə 0,09 km, Pərvanlı kəndi ərazisində 0,04 km, Qoruqbağı kəndi ərazisində 1,45 km) özüdaşıyıcı izolyasiyalı  xətlə tikilərək istifadəyə verilmişdir. Rayonun Böyük Dəkkə, Qaravəlli , Yuxarı Seyidlər kəndlərinin hər birində 1 ədəd 160 kV-luq, Qoruqbağı kəndi ərazisində 2 ədəd 63 kV-luq, (10-0,4 gücündə) kompleks transformator məntəqəsi (KTM) tikilmişdir.
Qoruqbağı kəndi ərazisində abonentlərin müraciəti nəzərə alınaraq 0,4 kV-luq açıq naqilli hava xəttinin 1450 metr hissəsi dəyişdirilərək yenidən qurulmuşdur.
Rayonun Bəyimli qəsəbəsində, Körpükənd, Yarməmmədbağı və Bıçaqçı kəndlərində su nasoslarına və 11 kənddə əhaliyə xidmət edən  transformatorlar yenisi ilə əvəz edilmişdir.
2021-cı il ərzində yeni abonentlər üçün 136 ədəd elektrik sayğacı quraşdırılmış və 625 ədəd köhnə tipli sayğaclar yeniləri ilə əvəz olunmuşdur.
Əhali tərəfindən istehlak olunmuş elektrik enerjisinin dəyəri 102,2 faiz ödənilmişdir.
Əhaliyə fasiləsiz təbii qazın verilişini təmin etmək məqsədilə rayon ərazisində 30 ədəd müxtəlif diametrli siyirtmə quraşdırılmış, Zərdab şəhərində, Bəyimli qəsəbəsində və 18 kənddə təmir işləri aparılmış, korroziyaya uğramış qaz xətləri yenilənmişdir.
Rayonun Salahlı, Yuxarı Seyidlər, Qoşaoba, Lələağacı kəndlərində və şəhərin H.Aslanov küçəsində yaşayan  Vətən Müharibəsinin 7 iştirakçısının fərdi yaşayış evləri qazlaşdırılmışdır.
Hesabat dövründə “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində rayonun Kəndəbil, Ağabağı və Cilovxanlı kəndlərinin qazlaşdırılması işinə başlanılmış, 5 qeyri-yaşayış obyekti qaz xətti ilə təmin olunaraq şəbəkəyə qoşulmuşdur. 3465 ədəd yeni qaz sayğacı quraşdırılmışdır.
Əhali tərəfindən istehlak olunmuş təbii qazın dəyəri  89,5 faiz ödənilmişdir.
Əhalinin içməli su təminatının yaxşılaşdırılması məqsədilə şəhərin Bayraq Meydanı ərazisində, Azərbaycan küçəsində, Gəlmə və Təzəkənd kəndlərində təmir işləri aparılmış, fasiləsiz su təminatı təmin edilmişdir.
Şəhərin 2-ci məhəlləsində Şəhid ailələri, Qarabağ Müharibəsi əlilləri və digər kateqoriyadan olan 15 ailəyə yeni layihəyə uyğun olaraq içməli su xətti çəkilmiş və abonentlər yeni sayğacla təmin edilmişlər.
Rayonun inzibati ərazi dairələrində kənd sakinlərinə xidmət edən 20 qurğu və 205 modul tipli su  bulaqlarında təmir işləri aparılmışdır.
2021-ci ildə ümumilikdə 69 abonentə su xətti çəkilmiş və müvafiq olaraq yeni sayğaclar quraşdırılmış, əhali sektorunda istehlak olunmuş suyun dəyəri 96,0 faiz ödənilmişdir.
Hesabat dövründə “Azəravtoyol” ASC-nin “39 saylı Yol İstismarı” MMC tərəfindən cari təmir və yolların saxlanılması istiqamətində 1,6 milyon manatlıq iş görülmüşdür.
70,5 km uzunluğunda Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun yenidən qurulması işləri başa çatmış, uzunluğu 12 km olan Lələağacı-Yarməmmədbağı-Pərvanlı, 4,66 km olan Körpükənd, 5 km olan Əlvənd kəndlərinin avtomobil yolları tikilərək istifadəyə verilmişdir.
2022-ci ildə Şıxbağı-Kəndəbil-Ağabağı-Nəzəralılı yolunun təmiri üçün lazımi hazırlıq işlərinə başlanılmışdır.
Rayonun kənd inzibati ərazi dairələrində 98,0 km məsafədə yollara qreyder çəkilmiş, kəndarası yollara 4250 tondan çox çınqıl döşənmişdir.
Əhaliyə göstərilən telekommunikasiya xidmətlərinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilmişdir.
Hesabat dövründə 48 ədəd şəhərdə, 155 ədəd kənddə olmaqla, ümumilikdə 203 abonentə yeni telefon xətti çəkilmişdir.
Zərdab şəhəri ərazisində, Bəyimli qəsəbəsində və rayonun 14 kəndində telefon xətlərində təmir işləri aparılmışdır.
Əhalinin internet xidmətinə olan tələbatının ödənilməsi məqsədilə şəhərin 32 hektar adlanan ərazisində 48, Məmmədqasımlı kəndində 46, Çallı kəndində 41 abunəçiyə “Radiorele-Wifi” sistemi vasitəsilə internet xətti çəkilmişdir. Şəftəhal kənd EATS-i dəyişdirilərək müasir tələblərə cavab verən GPON tipli EATS ilə əvəz edilmişdir. Yeni qoşulmuş avadanlıq Şəftəhal və Aşağı Seyidlər kəndlərinə əhatə edir. Hazırda 218 abonent yeni avadanlıq vasitəsilə rabitə xidmətinə qoşulmuşdur.  Rayonun Məlikumudlu və Burunlu kəndlərində GPON tipli müasir elektron ATS-in quraşdırılması üçün işlərə başlanılmışdır.
Sürətli internet xidmətindən istifadə vəziyyətini yaxşılaşdırmaq istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində mərkəzi Elektron Avtomat Telefon Stansiyasında 2020-ci illə müqayisədə avadanlıqların montaj tutumu 1088 ədəd artaraq 5388-ə, internet xidməti istifadəçilərinin sayı 565 nəfər artaraq 4536 nəfərə çatmışdır.
Şəhərin Telekommunikasiya qovşağı üzrə göstərilən xidmətdən əldə olunan tarif gəliri proqnozuna 100,0 faiz, Zərdab Poçt filialı üzrə əhaliyə göstərilən xidmətdən əldə olunan tarif gəliri proqnozuna 93,3 faiz əməl edilmişdir.
Hesabat dövründə rayonda abadlıq-quruculuq işləri davam etdirilmişdir.
Şəhər ərazisində “abad məhəllə” yaradılmış, iki 16 mənzilli yaşayış binasının dam örtüyü təmir edilmiş, Şəhidlərin Xatirə Parkında və Gəlmə kəndindəki şəhidlər qəbiristanlığında əsaslı təmir və yenidənqurma işləri aparılmış, Kür çayı sahilində Həsən Bəy Zərdabinin və Böyük Vətən Müharibəsində həlak olmuş zərdablıların xatirəsinə ucaldılmış abidələrin ətrafında təmir işləri görülmüş, Azərbaycan, Xudu Məmmədov, Elçin Rəhimov, Aydın Cavadov, Əfqan Ədilov, Babək İsmayılov küçələrinə və Bayraq meydanına asfalt örtük vurulmuş, Alı Mustafayev, 20 yanvar, Səyyad Mehdiyev, Ramiz Kərimov, Yusif Məmmədəliyev küçələrində təmir işləri davam etdirilmiş, Dədə Qorqud meydanında və küçəsində, 20 yanvar, Cavadxan küçələrində işıqlanma sistemləri yenidən qurulmuş, 120 yerlik şəhər 2 nömrəli körpələr evi-uşaq bağçası üçün yeni bina, Gəlmə kəndində həkim məntəqəsi tikilib istifadəyə verilmiş, şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün 7 fərdi evin tikintisi davam etdirilmişdir.
Sakinlərin çoxsaylı müraciətlərini nəzərə alaraq, texnika və nəqliyyat vasitələri cəlb edilərək şəhərin M.Məhərrəmov və Dədə Qorqud küçələrindəki kollektor təmizlənmiş, yağış və qrunt sularının sərbəst axını təmin olunmuşdur.
2021-ci il ərzində əsas kapitala 10 milyon 247 min manat investisiya yönəldilmiş, onun 74,9 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur.
Rayonun inzibati ərazi dairələrində ümumi sahəsi 7208 kv metr olan 58 fərdi yaşayış evi tikilib istifadəyə verilmişdir.
Mənzil İstismar Sahəsi tərəfindən kommunal ərazilərdə məişət tullantılarının və çirkab suyunun daşınmasına diqqət artırılmışdır. Sakinlərin çoxsaylı müraciətlərini nəzərə alaraq şəhərin Azərbaycan küçəsi istiqamətində yerləşən, 4 kommunal binaya xidmət edən kanalizasiya quyuları təmir edilmişdir.
Rayon Yaşıllaşdırma Təsərrüfatı Müəssisəsi tərəfindən şəhər ərazisində 12 hektardan çox yaşıllıq sahəsinə qulluq göstərilmişdir.
H.Əliyev prospekti, Bayraq Meydanı və Dədə Qorqud meydanında müxtəlif növ güllər, Sahil və H.Əliyev parkları ərazisində isə 600 ədəddən çox şam ağacı əkilmiş, H.Əliyev prospekti istiqamətində 600 kv metr, ümumilikdə isə 1200 kv metr ot örtüyü dəyişdirilmişdir.
Hesabat dövründə sahibkarlığın inkişafı istiqamətində tədbirlər davam etdirilmiş, müvafiq fəaliyyət növləri ilə məşğul olmaq üçün 7 hüquqi və 422 fiziki şəxs vergi orqanlarında qeydiyyatdan keçmişdir.
2021-ci ildə Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına rayonda sahibkarlıq subyektlərinə  14 layihə üzrə 10 yeni iş yeri yaradılmaqla 159 min 800 manat məbləğində kredit verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında”  müvafiq Fərmanının icrası  nəticəsində əsasən şəhid ailələri və Vətən müharibəsi iştirakçıları olmaqla 23 nəfər “DOST İş Mərkəzi” MMC-vasitəsilə işə qəbul edilmişdir.
İl ərzində 1595-i qadın olmaqla 3346 nəfər iş axtaran qeydiyyata alınmış, onlardan 66-sı qadın olmaqla 324 nəfər rayonun idarə, müəssisə və təşkilatlarında müvafiq işlə təmin edilmişdir.
2021-ci ildə rayonda  16 daimi iş yeri yaradılmışdır.
Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin özünüməşğulluq proqramına cəlb olunması işinin davam etdirilməsi nəticəsində 101 nəfər iş axtaran və işsiz vətəndaş özünüməşğulluq proqramına cəlb edilmişdir.

Keçidlər