Şriftin ölçüsü :

Saytın rəngi :

Zərdabda 2019-cu ilin yekunları müzakirə olundu

20 fevral 2020 | 16:00

20 fevral 2020-ci il tarixdə Zərdab rayonunda 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib. Yığıncaqda rayonda görülən işlər, habelə konkret vəzifələr geniş müzakirə olunub. Məsələ ilə əlaqədar Rayon İcra Hakimiyyətinin başçısı cənab Mərdan Camalzadənin hesabat məruzəsi dinlənilib, müzakirələr aparılıb. Vurğulanıb ki, hesabat ilində rayon iqtisadiyyatının əsas sahələrində 160 milyon 109 min 700 manatlıq məhsul istehsal edilib ki, bu da əvvəlki illə müqayisədə 27 milyon 756 min 900 manat və ya 17,7 faiz çoxdur. Ümumi məhsul istehsalında kənd təsərrüfatının payı 46,0 faiz olub.
Keçən il mühüm strateji məhsul olan taxılçılıqda uğurlu nəticələr qazanılıb. Belə ki, hər hektardan 33,2 sentner olmaqla 62135 ton taxıl istehsal edilib ki, bu da əvvəlki ildən 1985 ton çoxdur. Hesabat ilində 2264 hektar sahədən 5252 tondan çox pambıq tədarük olunub ki, bu da 2018-ci ildəkindən 255,6 ton çoxdur.
2019-cu ildə 71 ton 539 kq barama tədarük edilərək respublikada artıq üçüncü dəfə ən yüksək göstəriciyə nail olunub.
Çəltik, şəkər çuğunduru, kartof, günəbaxan, bostan-tərəvəz məhsulları istehsalı da artıb. Aqrar sektorun aparıcı sahələrindən olan heyvandarlıqda da nəticələr uğurludur.
Hesabat ilində rayonda tikinti-quraşdırma və abadlıq işləri, yol infrastrukturunun yaxşılaşdırılması, əhalinin sosial müdafiəsi, yaşayış məntəqələrinin elektrik enerjisi, təbii qazla normal təminatı ilə əlaqədar xeyli işlər görülüb. Təhsil, səhiyyə, mədəniyyət obyektlərinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə tədbirlər həyata keçirilib. İstər məruzədə, istərsə də çıxışlarda bu məsələlərlə bağlı qarşıda  mühüm vəzifələrin də olduğu diqqətə çatdırılıb.
Hesabat yığıncağında Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sektor müdiri Əlibaba Əliyev iştirak və çıxış edib.
Sonda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunub.

 

Keçidlər